Koronavirus testlərinin nəticələri niyə gecikir? - CAVAB


Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov son zamanlar koronavirus testlərinin nəticələrinin gec çıxmasına aydınlıq gətirib.

Buta.media xəbər verir ki, Z.Bayramovun sözlərinə görə, müraciət edən hər bir şəxsin nümunəsi PZR üsulu ilə işləmək üçün bir neçə mərhələdən keçir. 

“İlk öncə nümunədən DNT-nin ekstraksiyası (ayrılması), sonra isə amplifikasiyası (aparatda oxunması) həyata keçirilir. Amplifikasiya mərhələsini həyata keçirmək üçün aparata 96 şəxsin nümunəsi yerləşdirilməlidir (məsələn, əgər test CFX96 BioRad cihazında aparılarsa). Əks halda az sayda nümunənin qoyulması zaman itkisindən kütləvi yoluxmalar zamanı məqsədəuyğun sayılmır. Belə ki, hər üç mərhələni nəzərə aldıqda (ekstraksiya, amplifikasiya və nümunələrin yığılaraq bir məntəqəyə göndərilməsi) PZR testin cavabları 96 nəfər üçün yalnız 3-4 saatdan sonra mümkün olur. Bunu nəzərə alaraq, 10-20 min testi həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Bu səbəbdən də son günlərdə testlərin cavablarının çıxmasında müəyyən gecikmələr müşahidə edilməkdədir”, deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, istənilən bir virusun PZR üsulu ilə təyini mümkün olunana qədər, virusun genetik identifikasiyası, yəni təyini (DNT və ya RNT materialı hansı ardıcıllığa malik olması) həyata keçirilir:

“Onların identifikasiyalarını hal-hazırda müasir aparatlar (sekvenatorlar) həyata keçirir. Həmin identifikasiya mərhələsinə sekvenasiya deyilir. Məhz sekvenasiya mərhələsindən sonra biz virusun hansı aminturşu ardıcıllığından ibarət olduğu müəyyən edilir. Eyni zamanda, onun əsas “daşıyıcı” hissəsini PZR reaksiyalarında “təyinedici praymerlər” kimi istifadə edirik.

Bildiyiniz kimi, dünyada koronavirusun yayılması artmaqdadır ki, bu da virus mutasiyaları ilə bağlıdır. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Koronavirus infeksiyasının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu, elmi araşdırmalarla sübut olunmuş faktdır. Ona görə də vətəndaşları sürətlə yayılan yeni ştamnan qorunmaq məqsədilə ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra “buster” doza ilə peyvəndlənməyi tövsiyə edirəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ