Müəllimlər yeni dəyişikliklərdən narazıdırlar? - Təhsil sistemini eksperiment meydançasına çeviriblər

İqtisadçı ekspert Rövşən Ağayev Təhsil Nazirliyinin müəllimlərin işə qəbul və yerdəyişməsi ilə bağlı ötən gün açıqladığı dəyişiklikləri tənqid edib. 

Buta.media-nın xəbərinə görə, R.Ağayev bu barədə öz Facebook səhifəsində yazıb.

Ekspert bildirib ki, işə qəbulla bağlı yeni qaydalara görə, müəllimlər son yerdəyişmədən 3 il keçməyənə qədər yerdəyişmə imtahanında iştirak edə bilməyəcəklər. 

“Təhsil sistemini eksperiment meydançasına çeviriblər. Tanıdığım gənc müəllim 5 il yaşayış yerindən 25 km uzaqda işlədi. Ötən il yerdəyişmə imtahanı ilə başqa məktəbə keçdi, amma yeni iş yeri də yaxın deyil. Sadəcə əvvəlkinə nisbətən daha yaxın olduğu üçün növbəti il daha yaxşı şans qazana biləcəyi ümidi ilə yeni məktəbə keçdi. İndi siz onu məcbur edirsiniz ki, daha 3 il kifayət qədər uzaq məsafədə işləsin. Bu insanların azyaşlı övladlarını etibar edəcəyi normal bağça sistemi də qurmamasınız. Bu eksperimentlərlə Azərbaycan təhsilini “Mərdanov modeli”ndən çətin ki, uzağa apara biləsiniz”.

Sözügedən problemə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Cəsarət Valehov reaksiya verib. O, Rövşən Ağayevə cavab olaraq bildirib ki, nazirlik yerdəyişmədə heç kimə qadağa qoymur: 

“Biz şəxsə iki seçim veririk. Ya işdən çıxır və yenidən müsabiqədə iştirak edir, ya da ki, yerdəyişmə müsabiqəsində iştirak edir. Müsabiqədə iştirak edərək həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05; 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ