Zaqatalada sələmçi həkimi öldürüb intihar etdi

Çərşənbə axşamı, avqustun 29-da, Zaqatala rayonunda qətl hadisəsi baş verib. Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Məlumata əsasən, 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilib. Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.

Tariyel Əhmədovun Zaqatalada tanınmış həkim olduğu, bir neçə il əvvəl təqaüdə çıxdığı bildirilir. Hadisə onun qızının evində baş verib. 

İlkin məlumata görə, hadisə pul üstündə yaranan münaqişə zəminində baş verib. H. Davudov Tariyel Əhmədovu qətlə yetirəndən sonra sonuncunun ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər. Davudov tikiliyə də atəş açıb.

Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb edib. Bu zaman H. Davudov özünə atəş açaraq intihar edib.

Lent.az yazır ki, Tariyel Əhmədovla Həsən Davudov arasında keçmişdən ədavət olub. Belə ki, Həsən Davudov sələmə pul verirmiş. Tariyel Əhmədov da qızıllarını girov qoyaraq ondan pul alıb. Bu zəmində onların arasında məhkəmə çəkişməsi də var imiş. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ