Azərbaycanda yeni növ koronavirus infeksiyasının Omikron ştamına yoluxma ilə bağlı vəziyyət açıqlanıb.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, yeni koronavirus infeksiyası vaxtaşırı dalğalanmalar ilə təzahür edir. Hazırda istər bizə qonşu, istərsə də ABŞ-də və Avropanın bəzi ölkələrində bunu müşahidə etmək olar: “Bu ölkələrdə yayılan Omikron ştamının alt növləridir ki, onlar da sürətli yoluxuculuğuna baxmayaraq əksərən yüngül formalı xəstələnməyə səbəb olurlar. Azərbaycana gəldikdə onu demək olar ki, vaxtaşırı çox cüzi dalğalanmalar olsa da, diqqət ediləsi əhəmiyyətli artımlara rast gəlinmir. Epidemioloji durum qənaətbəxş hesab edilir və nəzarət olunandır. Bu infeksiyadan qorunma tədbirləri digər hava-damcı infeksiyaları zamanı (kəskin respirator virus infeksiyaları, qrip) tətbiq olunan vasitələrlə eynidir”.
T. Eyvazov bildirib ki, risk qrupuna daxil olan insanların (hamilə qadınlar, immundefisitli, ağır xroniki xəstəliyi olanlar, ahıl şəxslər) daha ehtiyatlı olmaları tövsiyə olunur.