Şəhid mayor Ruslan Cəfərovun xanımı Nəzakət Əliyeva ona verilən evin geri alınmasından şikayətçidir.
Buta.media xəbər verir ki, şəhid xanımı bu barədə İTV-yə müraciət edib.
Məsələ araşdırılıb və məlum olub ki, ev şəhidin birinci evliliyindən olan oğluna verilib. Qeydiyyata alınmasına baxmayaraq, şəhidin evsiz qalan ikinci həyat yoldaşı isə baxımsız vəziyyətdə olan zirzəmidə yaşayır.
Mayor Ruslan Cəfərov şəhid olduqdan sonra həm Nəzakət xanıma, həm də şəhidin birinci həyat yoldaşından olan 18 yaşlı oğluna ev verilməsi nəzərdə tutulub. Amma sonradan ev Nəzakət xanıma yox, şəhidin oğluna təqdim olunub.
N.Əliyevanın sözlərinə görə, həyat yoldaşı şəhid olduqdan sonra qayınatası tərəfindən onlara hədiyyə olunan evdən də çıxarılıb. Buna səbəb qayınanasının həmin evi satışa çıxarması olub.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin müdir müavini Yunis İsmayılov bildirib ki, şəhid Ruslan Cəfərovun ailə üzvləri - övladı Raul Cəfərli və ikinci həyat yoldaşı Nəzakət Əliyeva yaşayış sahəsinə ehtiyacı olan qisimdə uçota alınıblar:
“Şəhidimizin övladı Raul Cəfərli mənzillə təmin edilib. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan Mənzil Məcəlləsinə əsasən, şəhid ailə üzvünə təqdim edilmiş mənzil onların bütün ailə üzvlərinin yaşaması üçün nəzərdə tutulub”.
Qurum rəsmisi əlavə edib ki, iki ailə bir yerdə yaşasın.
Qeyd edək ki, şəhid mayor Ruslan Cəfərov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.