“Hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir. Bunlara səbəb əsasən müxtəlif virus və bakterial infeksiyalardır”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov əhali arasında arabir qeydə alınan infeksion xəstəliklər barədə danışarkən deyib.
Onun sözlərinə görə, fəsildən asılı olmayaraq, ilboyu müxtəlif yoluxucu xəstəliklərə rast gəlinir: “Hər il isti aylarda kəskin respirator virus infeksiyalarından paraqrip, adenovirus infeksiyaları mühitdə dövr etdiyindən, hazırda da bu tip xəstəliklər qeydə alınır. Hətta isti aylarda bəzən yoluxma saylarında artımlar da müşahidə olunur. Adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Eyni zamanda, hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan və isti dövrlərdə rast gəlinən rotavirus, hava-damcı və təmas ilə daha çox yayılan enteroviruslarıdır.
Bu cür infeksiyaların isti aylarda yayılmasının müxtəlif səbəbləri var. Bunlara həddən artıq isti havanın immunitetə mənfi təsir göstərməsi, yuxarı tənəffüs yollarının quruması nəticəsində infeksiyalara müqavimətin azalması, kondisionerlərin istifadəsi zamanı açıq hava ilə müqayisədə yaşayış və iş yerlərində kəskin temperatur fərqinin olması, otaqların qapalı saxlanması, yay məzuniyyəti ilə əlaqədar əhalinin müxtəlif kütləvi istirahət tədbirləri, çimərlik mövsümünü və s. aid etmək olar”.
Həkim bildirib ki, bu infeksiyalar əsasən yüngül və fəsadsız keçir. Özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli, gigiyena qaydalarına əməl etməliyik: “Unutmayaq ki, yay aylarında rast gəlinən günvurmanın əlamətləri də bu xəstəliklərlə oxşar ola bilər. Qeyd edilən əlamətləri özündə hiss edən insanlara vaxtında həkimə müraciət etmək tövsiyə olunur”.