“Flightradar” qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın “Zvartnots” hava limanına iki hərbi təyyarə yola düşüb.
Caliber.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” təyyarəsi hərbi yük və şəxsi heyətlə birgə “Zvartnots” aeroportuna eniş edib.
Aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri zirehli texnika, həmçinin Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları gətirilib.
Nəşr yazır ki, bundan əvvəl ABŞ Ermənistan xüsusi təyinatlıları üçün bu sursatlardan istifadə üzrə təlimlər keçirib. Ermənistan tərəfi silahları real şəraitdə sınaqdan keçirmək üçün Kəlbəcər istiqamətində Azərbaycan ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib.
Daha sonra, yuxarıda qeyd etdiyimiz kimi, ABŞ hərbi yük təyyarələri ilə Ermənistana külli miqdarda silah və sursat çatdırılıb. Bu silahların yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı da bildirilir. Bu zaman Aİ missiyasının Azərbaycan ordusunun mövqeləri ilə bağlı topladığı kəşfiyyat məlumatlarından istifadə edilib.
O da məlumdur ki, iki təyyarədən biri İran ərazisindən buraxılan raketlərin və digər təyyarələrin trayektoriyalarını izləyən xüsusi alətlər daşıyıb. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək.
Ancaq bu hamısı deyil. ABŞ təbii olaraq bu missiyanı erməni hərbçilərinə həvalə etməyib, bu cihazları idarə edəcək 30-50 nəfər yaxın şəxsi heyət Ermənistana göndərilib. Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşlar, həmçinin postsovet ölkələrindən ABŞ-a köçmüş slavyan və qafqazlılardır. Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və Ermənistan Silahlı Qüvvələrinin Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.