Prezident İlham Əliyev Sergey Şoyqunun səfərinin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında regionda gedən proseslərlə bağlı mütəmadi təmasların əhəmiyyətini qeyd edib.
İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən Azərbaycan Prezidenti bunun ən yüksək və digər səviyyələrdə təmaslarda, eyni zamanda, ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini vurğulayıb. Prezident İlham Əliyev bu məsələlərlə bağlı mütəmadi olaraq Prezident Vladimir Putin ilə müzakirələrin aparıldığını bildirib.
Hökumətlərarası komissiyanın fəal işlədiyini deyən dövlət başçısı bu yaxınlarda Bakıda bu komissiyanın iclasının keçiriləcəyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin digər qurumları arasında da fəal təmasların olduğunu qeyd edib.
Ətraflı
Dövlət başçısı iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, məhz “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla qeyd edib.
Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu nümayəndə heyətinə səmimi və isti münasibətin göstərilməsinə görə minnətdarlığını bildirərək, bunun əsasında iki ölkənin dövlət başçıları arasında olan şəxsi münasibətlərin durduğunu deyib.
Sergey Şoyqu ölkələrimiz arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, ikitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini deyib. Bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirib və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd edib.
Sergey Şoyqu ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib.
Görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Söhbət zamanı ümummilli lider Heydər Əliyevin xatirəsinə Rusiyada göstərilən ehtirama toxunularaq, Baykal-Amur Magistralının tikintisində ulu öndərin böyük rolu bir daha qeyd edilib, Prezident İlham Əliyevin bu ilin aprelində Moskvada Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirakının əhəmiyyəti vurğulanıb.