Azərbaycanın Yay Olimpiya Oyunlarında cüdo üzrə qızıl medalçıları Hidayət Heydərov və Zelim Kotsoyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, abidə önünə gül dəstələri qoyublar.
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edən və qızıl medalın sahibi olan cüdoçularımız Vətənə qayıtdıqdan sonra həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarına baş çəkiblər.
Olimpiya çempionlarımız Zelim Kotsoyev və Hidayət Heydərov həmçinin Şəhidlər xiyabanını da ziyarət ediblər.
Qeyd edək ki, Hidayət Heydərov və Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olublar.
Hidayət Heydərov (73 kq) olimpiya çempionu olaraq Azərbaycana ilk qızıl medalı qazanıdırıb. Mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub. Azərbaycan idmançısı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.
100 kq çəki dərəcəsində mübarizə aparan Kotsoyev həlledici görüşdə Gürcüstan təmsilçisi İlya Sulamanidzeyə qalib gəlib. O yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyev, 1/4 final mərhələsində Peter Palçik (İsrail), 1/8 final mərhələsində Pyotr Kuçeranı (Polşa) məğlub edib.