Xəzərdə gəmi yanır. Heyət üzvləri təxliyə olunub - video

Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verib və həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.

Qurumdan qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının baş verdiyi gəmi “Maritime Logistics Inc” şirkətinə məxsusdur

Report bildirir ki, yanğının baş verdiyi gəmi “bp Azerbaijan” şirkətinin sifarişi ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun ərazisində açıq dənizdə dalğıc işləri həyata keçirirdi.

“Bu gün səhər saatlarında yanğının baş verdiyi dalğıc gəmisi AÇG blokunun ərazisində sualtı işlər həyata keçirirdi. Gəmi blokda fəaliyyət göstərən heç bir platformaya xidmət göstərmir və yanğın zamanı onların heç birinin yaxınlığında olmayıb”, -  şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, yanğın nəticəsində xəsarət alan olmayıb, gəminin bütün ekipaj üzvləri uğurla təxliyə edilib və hazırda təhlükəsiz ərazidədirlər.

Tamam Bayatlı qeyd edib ki, gəmi müqavilə ərazisindən təhlükəsiz məsafəyə aparılıb. Report həmçinin yazır ki, gəmi “Maritime Logistics Inc” şirkətinə məxsusdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ