Helikopterlər, tanklar, hərbi texnikalar: Rusiya Ukrayna sərhədinə qoşun toplayır - VİDEO

Rusiya Ukrayna ilə sərhəd yaxınlığına hərbi texnika toplamağa davam edir.

Buta.media-nın məlumatına görə, Conflict Intelligence Team (CIT) tədqiqat qrupu sosial şəbəkələrdə son günlərdə ayılan videoları araşdırıb.

Bildirilir ki, Ukrayna sərhədinə Voronej ətrafındakı poliqondan tank ordusunun 1-ci qvardiyası yola düşüb. Bir neçə videoda bu ordunun hərbi texnikası Belqorod vilayətinin stansiyalarında görüntülənib. CIT qeyd edir ki, söhbət yalnız Voronej ətrafında olan texnikadan yox, həmçinin Moskva ətrafından gələn texnikadan gedir.

Daha bir neçə videoda CIT ekspertləri Smolenskdəki hərbçilərin Bryansk vilayətinin cənubuna və Ukrayna sərhədinə dislokasiya olunmasını görüblər. Bundan əvvəl Bryanskda Pskov 76-cı hava-desant diviziyasının texnikası kadrlara düşüb - Rusiya ordusunun əsas zərbə qüvvələrindən biri sayılır. 

Rusiya rəsmiləri bildirilər ki, hərbi texnikanın yerdəyişməsi Belarus ilə birgə irimiqyaslı təlimlər və fevralın 13-də başlayan Qara dənizdə hərbi-dəniz təlimləri fonunda baş verir. 

Öz növbəsində rəsmi Vaşinqton bəyan edib ki, Rusiya Qış Olimpiya Oyunları ərzində Ukrayna ərazisinə hücum edə bilər (oyunlar fevralın 20-də bitir). 

ABŞ rəhbərliyi fevralın 11-də vətəndaşlarına 48 saat ərzində Ukraynanı tərk etməyi tövsiyyə edib. Böyük Britaniya və Aİ-nin bir neçə ölkəsi Ukraynadan hərbi təlimçilərini çıxarır.

Fevralın 13-də ABŞ prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub. Söhbət zamanı Ukrayna böhranı müzakirə olunub. Kremlin məlumatına əsasən, bir saatdan çox davam edən danışıqlar ABŞ tərəfinin tələbi əsasında baş tutub. Ağ Evdən isə bildiriblər ki, Putin fevralın 14-də söhbət etmək istəyirdi, lakin Bayden şənbə günü danışıqların keçirilməsinə israr edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ