Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və onunla birgə mühakimə olunan Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib.
İttihamda deyilir ki, Tofiq Yaqublu ilə Elnur Məmmədov cinayətkar əlaqəyə girərək özgənin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
Bu iş üzrə bir nəfər-Elşən Hüseynov zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin onu Almaniyaya göndərəcəkləri adı ilə aldatdığı deyilir. Amma adıçəkilən şəxs oranın vətəndaşlığını almaq üçün əvvəlcə Tofiq Yaqublu və Elnur Məmmədovla razılaşmalı imiş.
İttihama əsasən, bu işdə E.Məmmədov vasitəçi, T.Yaqublu təşkilatçı olub. T.Yaqublu zərərçəkmişdən Almaniya vətəndaşlığı alması üçün 25 min avro və əlavə 10 min manat istəyib. Elnur həmin pulu Elşəndən alaraq ona çatdırıb. Bir müddət sonra aldanıldığını başa düşən zərərçəkmiş polisə müraciət edib.
Sədrlik edən hakim Elnur Nuriyev əvvəlcə təqsirləndirilən şəxslərin ittihama münasibətlərini öyrənib.
Tofiq Yaqublu özünü təqsirli bilməyib. O, verilmiş ittihamla əlaqəsinin olmadığını deyib. Elnur Məmmədov isə özünü tam təqsirli bilib.
Məmmədov hakim qarşısında ifadə verərək deyib ki, zərərçəkmiş Elşən Hüseynov onun tanışı olub. Elşən ondan Almaniya vətəndaşlığı almasına kömək edə biləcək adam tapmasını xahiş edib. O da Tofiq Yaqublunun bu məsələni həll edəcəyinə inanıb. Ona görə ki, daha əvvəldən onun başqa şəxslərə digər ölkədə vətəndaşlıq almağa kömək etməsindən məlumatlı olub.
Tofiq Yaqublu işin həlli üçün ittihamda qeyd olunan məbləği istəyib. Şahidin sözlərinə görə, Yaqublu deyib ki, bu işdə ona “Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid kömək edəcək: “Sonra mənimlə əlaqə saxladı, dedi ki, bəs, Qənimətlə danışmışam. Məsələ həll olunub. Dedi, Elşəndən alınan 25 min Qənimətə çatacaq. Bundan əlavə, Elşəndən 10 min manat istədik. Həmin pulun da 7 mini Tofiqə, 3 mini isə mənə çatdı. Elşənin evində cəmi 25 min avro var idi, 10 mini də borc tapıb verdi. Üstündən bir müddət keçəndən sonra Tofiq Yaqublu mənə bir saxta sənəd verdi. Dedi ki, Elşən hava limanına getsə, onu həbs edəcəklər. Mən də sənədi ona çatdırdım. Sonra da iş alınmadı, mən də Elşənin zənglərinə cavab vermədim. Buna görə məni polisə verdi”.
Tofiq Yaqublu isə Elnur Məmmədovun dediklərini qəbul etməyib: “Elnurla heç bir sövdələşməm olmayıb. Qaldı ki, Qənimətə, onun heç özünün vətəndaşlığı yoxdur. Neçə illərdir, Fransada oturum əsasında yaşayır”.
Proses avqustun 9-u davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər ikisi həbsdə mühakimə olunur. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham verilib.