Bakıda sevgilisini döyən kişi köməyə gələn polisləri bıçaqladı - YENİLƏNİB

Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.

Buta.media xəbər verir ki, Daxili İşlər Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.

Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.

Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.

Qeyd edək ki, Aydın Babayev tanışı Məlahət Şükürovaya qol və qarın nahiyələrindən bıçaq xəsarətləri yetirib.

Daha sonra hadisə ilə bağlı həmin ünvana gedən Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

10:38

Dünən axşam saatlarında Bakıda Çevik Polis Alayının iki əməkdaşı bıçaqlanıb.

Buta.media xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu ərazisində baş verib.

Belə ki, sözügedən rayonun sakini olan qadın polisə müraciət edərək sevgilisi tərəfindən döyüldüyünü, bıçaq xəsarətləri aldığını bildirib.

Dərhal hadisə yerinə ÇPA-nın 4 əməkdaşı yollanıb. Bu zaman qadının sevgilisi iki polis əməkdaşına bıçaqla xəsarət yetirib. Polislərdən biri ürək nahiyəsindən, digəri isə sinəsindən xəsarət alıb.

Yaralı polislər xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən qaçan 1994-cü il təvəllüdlü Aydın Abbasovun axtarışları davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ