Təxminən 20 il əvvəl Azərbaycanda yayımlanan “Qəfəs” realiti şousunun yaddaqalan iştirakçılarından olan Cəmilə Əsgərova “Azxeber media”nın qonağı olub.
Bir zamanların məşhur siması uzun zamandır gözlərdən uzaq həyat sürməsinə baxmayaraq, Cəmilə illər sonra yarışmadan sonrakı şöhrəti, şəxsi həyatı və fəaliyyəti haqda danışıb.
O bildirib ki, realiti şoudan sonra ATV telekanalında veriliş aparıb, müğənnilik edib, hətta Mustafa Sandal, Elşad Xose ilə birlikdə konsert də verib:
“İndi də oxuyuram. Teymur Əmrahdan və Dilarə Qulamovadan dərs almışam. Mahnı oxumağı çox sevirəm”.
Cəmilənin sözlərinə görə, bir müddət tikinti şirkətində də işləyib.
“Səhərdən axşama kimi tikinti şirkətində işləyirdim. Axşamlar verilişlərə və çəkilişlərə gedirdim, mahnı yazdırırdım. O zaman artıq bir ya iki mahnım var idi. Əvvəl ofis işinə daha çox diqqət və zaman ayırırdım. İndi isə əksinədir. Tək işim müğənnilikdir və sırf bu işlə məşqulam”.
Ailə həyatından danışan müğənni bildirib ki, realiti şoudan sonra ailə qurub.
“Demək olar ki, sevib evlənmişdim. Övladım yoxdur. Hazırda ailəli deyiləm. Ümumiyyətlə şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Rəfiqələrimlə belə danışmıram bu haqda. Kimsə nəsə soruşanda da bunu zarafata salıram. Çünki xoşum gəlmir”.