Belarusda Almaniya vətəndaşına ölüm hökmü verilib

Belarusda Almaniya vətəndaşı Riko Kriqer edam cəzasına məhkum edilib. Bu məlumatı iyulun 19-da Almaniya Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Belarusun “Zerkalo” nəşri xəbər verir ki, Kriqerə ölüm cəzası iyunun 21-də verilib. Nəşr qeyd edir ki, bu işlə bağlı heç bir rəsmi şərh daxil olmayıb - Kriqerin konkret hansı əməllərdə ittiham olunduğu belə məlum deyil. Hökmdən apellyasiya şikayəti verilib-verilməməsi və onun qanuni qüvvəyə minməsi də aydın deyil.

“MotolkoPomogi” teleqram kanalının məlumatına görə, Kriqer Almaniya Qızıl Xaç Cəmiyyətinin əməkdaşıdır və o, ekstremist qruplaşmada iştirakda və terrorda ittiham olunur.

“Vesna” insan haqları təşkilatı bildirib ki, bu iş Ukrayna tərəfində Rusiyaya qarşı döyüşən Belarus könüllü birliyi olan Kastus Kalinovski alayı ilə bağlıdır.

Belarus Avropada ölüm hökmünün hələ də tətbiq olunduğu yeganə ölkədir. Ölkədə hər il birdən dördə qədər ölüm hökmü icra olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ