Novruzun ilk müjdəçisi: Xıdır Nəbi bərəkət paylayır

Novruzun gəlişinin ilk müjdəçisi Xızır Nəbi gecəsidir. Bu qədim tarixi hadisə hər il Kiçik çillənin sonuncu ongünlüyü, yəni fevralın birinci dekadası başa çatdıqda qeyd olunur. Elə həmin gündən yazın müjdəçisi olan Xızır gecələri başlayır. Deyilənə görə, Xızır peyğəmbərin adı ilə bağlı olan bu gecə yazın gəlişinin ilk müjdəçisi olduğundan uzun illərdir ki, hər il eyni tarixi insanlar təmtəraqlı keçirirlər.

Buta.media Azərtac-a istinadən xəbər verir ki, bu bayramı qərb bölgəsi, xüsusən Tovuzun Yuxarı Öysüzlü kəndinin sakinləri hər il özünəməxsus şəkildə qeyd edirlər. Kənd sakinləri yüzilliklərdən bəri gələn tarixi adət-ənənələrini bu günədək yaşadıb davam etdirməkdədirlər. 

Bölgədə bahar bayramını hər kəsdən tez məhz bu kəndin sakinləri qarşılayır desək, yanılmarıq. “Xızır (Xıdır) Nəbi gecəsi” kimi də adlandırılan bu bayramı insanlar təmtəraqla, xüsusi mərasimlərlə qeyd edirlər. Bayramı kəndin su, torpaq və alovun qovuşduğu yerdə inanc yeri olan Xan çinarının ətrafına toplaşıb tonqal yandırmaqla keçirirlər. Sakinlər həmin gecəni baharın gəlişinin müjdəçisi kimi qarşılayırlar.

Xızır Nəbi gecəsinin bayram edilməsi, həm də bu dönəmdə günlərin uzanması, havaların nisbətən isinməsi, yazın gəlişinin hiss olunması ilə bağlı olan mərasimdir. Elə buna görə də bu günlərdə insanlar bir-birini yazın gəlişinin müjdəçisi Xızır Nəbi bayramı münasibətilə təbrik edir, yaz fəslinə, bayramlara indidən hazırlıqlara başlanılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ