Azərbaycanda əhalinin sayı açıqlandı - nikah və boşanmaların sayı azalıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 16376 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyun ayının 1-i vəziyyətinə 10197146 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.

Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Hesabata əsasən, cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41608 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olmuşdur. Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

Məlumatda həmçinin bildirilir ki, bu ilin ilk beş ayı ərzində ölkədə 17 448 nikah və 8 795 boşanma hall qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.

Cari ilin yanvar-may aylarında 25 519 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ildə əhalinin hər 1000 nəfəri üzrə bu göstərici azalaraq 6,2-dən 6,0-a düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ