Taksilərdə problemlə qarşılaşan sərnişinlər hara müraciət etsinlər?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi sahəsində problemlə qarşılaşan sərnişinlərə müraciət edib.

Qurumdan verilən məlumata görə, onlar qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də "141" Çağrı Mərkəzinə müraciət edə bilərlər. Bu zaman sərnişinlər nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etməlidirlər.

Bildirilib ki, sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və digər hadisələr haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.

Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılacaq və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görüləcək. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ