Bütün sağlam insanlar kimi, şəkərli diabet xəstələri də COVID-19-un yeni ştamlarına yoluxur. Ancaq şəkərli diabet xəstələrinin immun sistemi zəif olduğuna görə, onlar bu infeksiya ilə aktiv mübarizə apara bilmir. Ağır gedişli formalara və ölüm hallarına həkimlər məhz yanaşı xroniki xəstəlikləri olan xəstələrdə rast gəlirlər.
Buta.media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva bildirib.
O qeyd edib ki, şəkərli diabet xəstələri kompensasiya dövründə COVID-19 peyvəndi vurdurmalıdır:
“Şəkərli diabet xəstələri COVID-19-a qarşı peyvəndləmə kampaniyasında fəal iştirak etməlidirlər. İlk növbədə endokrinoloqun qəbulundan keçib, tam müayinə olunub və kompensasiya dövründə COVID-19 peyvəndi vurdurmalıdır. Planlı şəkildə hər şəkərli diabet xəstələri 6 aydan bir həkim-endokrinoloqun qəbulunda olmalıdırlar. “Check-Up” müayinə keçəndən sonra həkim qərar verir ki, pasient ikinci dozanı və yaxud “buster” dozanı vura bilər, yoxsa yox”.
Həkim həmçinin əlavə edib ki, COVID-19-un “Omicron” variantı sürətlə bütün dünyada yayılır. Bunu nəzərə alaraq, kompensasiya dövründə olan şəkərli diabet xəstələri mütləq ikinci dozadan və yaxud xəstələnib sağaldıqdan 5 ay sonra üçüncü doza ilə peyvənd olunmalıdırlar.