“Cəza ədalətsizdir”. İlham Əliyev Merih Demirala dəstək oldu

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında Türkiyə milli komandasına dəstək olub.

“Qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”, - dövlət başçısının X sosial şəbəkəsindəki paylaşımında qeyd edilir.

Xatırladaq ki, bu gün, iyulun 6-da, Türkiyə millisi Berlindəki Olimpiya stadionunda Niderlandla üz-üzə gələcək. Fransalı referi Klement Turpinin idarə edəcəyi matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Türkiyə yığmasının heyətində Avropa Çempionatının 1/8 final mərhələsində Avstriyanın qapısına iki qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olan müdafiəçi Merih Demiral bu oyunu buraxacaq. Buna səbəb Merih Demiralın Avstriyanın qapısına vurduğu qolları qeyd edərkən “bozqurd” işarəsi göstərməsidir. UEFA futbolçuya iki oyunluq cəza təyin edib.

Türkiyə Futbol Federasiyası (TFF) və Merih Demiral məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi bildirilir.

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan UEFA-nın futbolçu Merih Demiralla bağlı qərarına etiraz edib.

O, “bozqurd” işarəsini fransız və almanların formalarında olan işarələrlə müqayisə edib:

“Almanların formalarında qartal var, amma kimsə nəsə demir. Kimsə demir ki, fransızların formasında xoruz var. Onlara niyə xoruzlanırsınız, deyilirmi? Merih sadəcə sevincini bu cür qeyd edib. Məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi onların səlahiyyətli şəxsləri ilə danışıb lazımi addımı atacaq”. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ