Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 7-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 7-də I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni üzrə əlavə imtahan da keçiriləcək.
Bu haqda DİM-dən bildirilib.
Qeyd olunub ki, abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).