Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Ermənistan hökuməti Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan və ötən əsrin 90-cı illərinin əvvəllərində işğal olunmuş Kərki eksklavını Azərbaycana qaytarmağa hazırlaşır. Erməni mənbələrinin məlumatına görə, bu kənd Qarabağdan köçən ermənilərin məskunlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına daxil edilməyib.

Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan bildirib ki, Qarabağdan ermənilərin köçürülməsi üçün Azərbaycanla həmsərhəd kəndlər də daxil olmaqla 390 yaşayış məntəqəsi müəyyən edilib. Orada məskunlaşmaq istəyənlərə hər ailə üzvü üçün 10-12 min dollar məbləğində mənzil sertifikatı veriləcək. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Qayane Karaqezyan ermənilərin özlərinin “Tiqranaşen” adlandırdıqları Kərkinin siyahıdan çıxarılmasını şərh edərkən, Qarabağ ermənilərinin bu qəsəbəyə köçürülməsinin bəlkə də prioritet olmadığını deyib.

Kərki kəndi Qarabağ erməniləri üçün ev tikilməsi nəzərdə tutulan yaşayış məntəqələrinin əvvəllər təsdiq edilmiş siyahısına daxil edilməyib. Müxalifətçi deputat Tiqran Abramyanın sözlərinə görə, bu, hökumətin Kərki də daxil olmaqla 4 anklav kəndi Azərbaycana qaytarmağa hazırlaşması ilə bağlıdır.

Hazırda Kərkidə 42 ailə yaşayır. Ötən il Qarabağdan bir erməni ailəsi kəndə köçsə də, sonradan oranı tərk edib.

Kənd Ermənistanı İranla birləşdirən strateji əhəmiyyətli dövlətlərarası avtomobil yolunun üzərində yerləşir. Kərkinin Azərbaycana qaytarılması ilə bağlı şayiələr əvvəllər də Ermənistanda yayılmışdı və hökumət bu məlumatı təkzib etməmişdi. Baş nazir Nikol Paşinyan çıxışlarının birində qəsəbənin geri qaytarılması halında Ermənistanı İranla birləşdirən yolun bir hissəsinin başqa əraziyə köçürülməsinin mümkünlüyünü istisna etməyib.

Xatırladaq ki, birbaşa danışıqlar nəticəsində Ermənistan artıq Qazax rayonunun eksklav olmayan dörd kəndini Azərbaycana qaytarıb.

Qazax rayonunun Sofulu, Barxudarlı və Yuxarı Əskipara kimi anklav kəndləri isə Ermənistanın nəzarətindədir. Bu yaşayış məntəqələrinin taleyinin sərhədlərin delimitasiyası ilə bağlı sonrakı danışıqlarda müzakirə olunacağı gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ