Xırdalanda piyada səkilərini ödənişli parkinqə çevirdilər - video

Abşeron rayonu, Xırdalan qəsəbəsinin sakinləri səkinin zəbt edilərək pullu parkinq ərazisinə çevrilməsindən şikayətçidirlər.

Bununla bağlı Oxu.Az-a ünvanlanan şikayətdə qeyd olunur ki, Xırdalan şəhərinin Hikmət Aslanov küçəsində yaşayış binası tikən "Şərur MTK" yaşayış binasının arxasında ümumi istifadədə olan səkini zəbt edib, qanunsuz parkinq ərazisinə çevirib.

Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirib ki, daxil olmuş məlumata əsasən əraziyə baxış keçirilib və MTK rəhbərliyinə ciddi tapşırıqlar verilib.

"Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Hikmət Aslanov küçəsində "Şərur MTK" tərəfindən inşa olunan binanın qarşısında avtomobillərin durması üçün yaradılan parkinqlə bağlı əraziyə baxış keçirib.

Ərazidə müşahidə olunan qanunsuz fəaliyyətlərlə əlaqədar olaraq MTK rəhbərliyi ilə danışıqlar aparılıb, piyada səkisinin zəbt olunması tərəfimizdən dayandırılıb, vətəndaşların gediş-gəlişi üçün nəzərdə tutulan piyada səkisinin bərpa olunması, binanın qarşısında avtomobillərin durması üçün qeyri-qanuni şəkildə quraşdırılmış dəmir məhdudiyyətlərin qısa müddətdə götürülməsi ilə bağlı bağlı ciddi tapşırıqlar verilib.

Qeyd etmək istərdik ki, İcra Hakimiyyətinin nəzarəti ilə qeyd edilən səki tezliklə bərpa ediləcək", - deyə S.Qasımbəyli vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ