Bakıda Səbail rayonunda məktəbdə texniki işçisi ilə şagird arasında mübahisəni əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.
Hadisənin iyunun 7-də baş verdiyi bildirilir.
“Məktəbin işçisi Elşən Məmmədov polis orqanına dəvət olunaraq izahatı alınıb. O bildirib ki, şagird məktəbin idman zalının pəncərəsindən çıxdığına görə mübahisə yaranıb. Valideyninin iştirakı ilə izahatı alınan 9-cu sinif şagirdi də idman zalının qapısı bağlı olduğundan pəncərədən çıxdığını təsdiqləyib. Hazırda təhqiqat araşdırmaları davam etdirilir”, - DİN-in Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev deyib.
Sosial şəbəkədə məktəbdə mühafizəçinin şagirdi döyməsini əks etdirən görüntülər yayılıb
İnsident 189 nömrəli məktəbin həyətində baş verib. Şagirdin 9-cu sinifdə təhsil aldığı qeyd olunub.
“Məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb. Məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb. Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib”, - məktəbdən bildirilir.
Hadisə ilə bağlı texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub.