Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini iyunun 7-də “Qarayara” diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.
Bununla bağlı Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumat yayıb.
“Xəstələrdən birində “Qarayara” diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə “Qarayara” şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də “Qarayara” xəstəliyi diaqnozu təsdiqlənib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir.
Ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb və yeni yoluxma halları qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, “Qarayara” xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür”, - məlumatda vurğulanıb.