Azərbaycan çempionu həbs edilib

Ağır atletika üzrə Azərbaycan çempionu, bir sıra beynəlxalq yarışların qalibi Ümidvar Bayramlı həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmış idmançıya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Dostunu bıçaqlamaqda təqsirli bilinən 2001-ci il təvəlüldlü idmançıya 5 il müddətinə həbs cəzası verilib.

Bildirilib ki, Ü.Bayramlı 27 sentyabr 2023-cü il tarixində, saat 23.00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsindəki yaşayış kompleksində tanışı Mirzə adlı şəxsi bıçaqlayıb. Belə ki, Ümidvar Bayramlının zərərçəkmişə satdığı mobil telefon nasaz çıxdığı üçün onlar arasında mübahisə yaranıb. Mübahisə zəminində Ü.Bayramlı tanışına bıçaqla qarın nahiyəsindən zərbə endirib. Düz və çənbər bağırsaqları kəsilən Mirzə xəstəxanaya çatdırılıb.

O da məlum olub ki, gənc idmançı 2022-ci ildə oğurluq əməlinə görə də məhkum edilibmiş və bıçaqlanma hadisəsini törədərkən həmin cəzasını çəkib başa vurmayıbmış.

Məhkəmədə Ü.Bayramlı bildirib ki, Mirzəni görüşə yaranmış mübahisə ilə əlaqədar çağırıb və onu söyüşə görə bıçaqlayıb.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ümidvar Bayramlı ağır atletika üzrə Azərbaycan çempiondur. O, həmçinin İsveçdə keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ