Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə Qarabağda Azərbaycanla müharibənin hazırlanmasında KTMT-yə daxil olan iki ölkənin iştirak etdiyini bildirib. O, bunu parlamentdə “hökumət saatı”nda deyib, onun sözlərini “İnterfaks” və “Aysor” nəşri sitat gətirib.
“Mən KTMT-yə üzv olan ən azı iki ölkəni tanıyıram ki, bizə qarşı müharibənin hazırlanmasında iştirak edib”, - deyən baş nazir əlavə edib ki, “bu ölkələr bizə kömək etmək imitasiyasını yaradıblar”. O, hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib.
Onun sözlərinə görə, bu müharibə “Dağlıq Qarabağla bağlı deyil, Ermənistanın olmaması üçün” idi. O əlavə edib ki, Ermənistanın varlığına son qoymaq cəhdləri 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında Ermənistan və Azərbaycan hərbçiləri arasında toqquşmalar zamanı da davam edib.
“Uğurlu olmadı. İndi 2024-cü il mayın 9-da növbəti cəhd oldu (Yəqin ki, Paşinyan Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın təşkil etdiyi etirazları nəzərdə tutur – qeyd). Yenə alınmadı və alınmayacaq”, - Paşinyan bildirib.