Koronavirusun həkim məsləhəti olmadan müalicəsi, eləcə də özbaşına antibiotik və dərman preparatlarının qəbulu ölümcül təhlükəli ola bilər.
Buta.media Lenta.ru-ya istinadən xəbər verir ki, bunu rusiyalı farmakoloq Andrey Kondraxin deyib.
Həkim qeyd edib ki, immunitetin gücləndirilməsi üçün özbaşına qəbul edilən preparatlar sitokin fırtınasına, antibiotiklərin qəbulu isə antibiotiklə əlaqəli ishala səbəb ola bilər. Həmçinin temperaturun aşağı salınması üçün qəbul edilən bəzi dərman vasitələri pasiyentin səhhətini daha da ağırlaşdıra bilər.
Kondraxin əsas səhvlərdən birini PCR testlərə inanmaqda görür, belə ki, bu testlər həmişə düzgün nəticə göstərmir.
“Əgər sizdə yaxmanın nəticəsi mənfi göstərir, lakin hələ də titrəmə, qızdırma var, özünüzü halsız hiss edirsinizsə, heç bir halda rahatlaşmaq olmaz, mümkün qədər tez həkimə müraciət etməlisiniz. Virusla ilkin təmasdan sonra kifayət qədər vaxt keçdikdə, PCR test koronavirusa yoluxmadığınızı göstərə bilər, çünki, virus artıq burun selikli qişasını tərk edərək ağciyərlərə keçib”, - farmakoloq izah edir.
Vəziyyətlərini yüngülləşdirmək üçün bir çox xəstə antibiotiklərin qəbuluna başlayır. Kondraxinin sözlərinə görə, bu heç bir müsbət nəticə verməməklə yanaşı, insanı ölümcül təhlükəli vəziyyətə sala bilər.
“İlk növbədə xəstə öz orqanizminin müdafiə qüvvələrini aşağı salır, çünki antibiotiklər bağırsaqda insana lazım olan diri mikroorqanizmləri də öldürür. Bundan əlavə bu preparatları düzgün qəbul etmədikdə antibiotiklə əlaqəli ishala səbəb ola bilər. Düzgün müalicə olunmadıqda isə ölümlə nəticələnə bilər. Əlbəttə, bu preparatların koronavirusun müalicəsində öz rolları var, lakin bunu həkim təyin etməlidir”, - deyə Kondraxin qeyd edib.
Həkimin sözlərinə görə, antibiotiklərin nəzarətsiz qəbulu zamanı insan ciddi “antibiotik müqaviməti” ( mikroblar və ya orqanizmlər antibiotiklərin nəzərdə tutulan təsirinə davam gətirə bilirlər) üzləşə bilər, bu da gələcəkdə digər xəstəliklərin müalicəsini mümkünsüz edə bilər.
Kondroxin bildirib ki, COVID-19-a yoluxan insanın immuniteti çox güclü olur və bəziləri həkim nəzarəti olmadan immunitetini daha da gücləndirməyə çalışırlar. Farmakoloq xatırladır ki ,bu kəskin respirator distress sindromuna, həmçinin ölümcül təhlükəli sitokin fırtınası səbəb ola bilər.
“Sonuncu orqanizmin virus infeksiyasına qarşı güclü reaksiyasıdır. Bu səbəbdən, əgər biz immuniteti daha da gücləndirməyə çalışsaq, sitokin fırtınasının yaranma ehtimalı daha çox olacaq. Vitamin kompleksləri də faydasızdır. Misal üçün, E vitamini ağciyərlərin vəziyyətini daha da ağırlaşdıra bilər. Buna görə də, tam sağalmayana qədər vitamin qəbul etməmək düzgün olar”, - həkim məsləhət verir.
Kondraxin həmçinin temperaturun aşağı salınması üçün preparatların qəbul qaydalarını da xatırladıb: parasetamolu gündə dörd həbdən çox qəbul etmək olmaz. Əgər temperatur düşmürsə həkim çağırmaq lazımdır, əlavə dərman qəbul etmək düzgün deyil, bu orqanizmi zəhərləyə bilər.