Bir müddət əvvəl avtomobil qəzası keçirmiş Xəzər TV-nin aparıcısı Aytən Səfərovanın səhhətində irəliləyiş var. Aparıcı artıq xəstəxanadan evə buraxılıb.
Bu barədə Yenisabah.az-a Aytən Səfərovanı tez-tez ziyarət edən keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib.
Onun sözlərinə görə artıq teleaparıcının vəziyyəti yaxşıdır.
Səhhətinin yaxşılaşmağına baxmayaraq, Səfərova Xəzər telekanalındakı işinə geri dönməyib. Bunu ona telekanal rəhbərliyinin məsləhət gördüyü bildirilir.
Mənbə deyib ki, istintaq davam etdiyi üçün hələlik aparıcının işə geri dönməsi məqbul sayılmır.
Aparıcı isə baş vermiş qəzada özünün hər hansı məsuliyyətinin olmadığının istintaq nəticəsində aydınlaşacağına əmindir.
Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.
Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.