Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama

Qusar şəhər meşəsində villa tikmək üçün ərazinin satılması ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, bunun üçün 4000-dən artıq ağac kəsilmək üçün işarələnib.

Artıq bəzi ağacların kəsildiyi, köklərindən çıxardılaraq meşənin içərisində gizlədildiyi, artıq tikinti işlərinə başlanıldığı bildirilib.

Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə saytımıza bildirib ki, sözügedən ərazidə əvvəllər vətəndaşlar tərəfindən ağac kəsilməsi halları qeydə alınıb və tərəfimizdən müəyyən edilərək qanunvericiliyə uyğun tədbir görülüb:

“Son günlər sosial şəbəkələrdə və mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlarımız dünən və bu gün ərazidə olublar, son aylara aid yeni ağac qırıntısı faktları aşkar edilməyib. Ərazidə olan bütün ağaclar 
hələ 2023-cü ildə tərəfimizdən nömrələnib və siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib, həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi  nəzarətə götürülüb”.

DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev də məsələ ilə bağlı açıqlama verib. DİN rəsmisi qeyd edib ki, qeyd olunan ərazidə aparılan bütün tikinti işləri dayandırılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, yayılan iddiada Qusar İcra Hakimiyyəti də ittiham olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ