DİN rəsmisi polisin itkin düşən qıza təcavüz etməsi məlumatına aydınlıq gətirib

Daxili İşlər Nazirliyi Salyanda polis əməkdaşı ilə vətəndaş arasında yaranan problemlə bağlı yayılmış məlumata aydınlıq gətirib.

Buta.media-nın məlumatına görə, DİN-nin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hadisə ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, “Salyan məsələsi” - polis əməkdaşı Həmzə Əzizovla vətəndaş Aytəkin Abıyeva arasında olan mübahisə sonuncunun tez-tez itkin düşməsi ilə başlayıb.

Belə ki, ötən ilin sentyabrın 17-də Aytəkinin atası qızının evdən çıxaraq naməlum istiqamətdə getməsini bildirib və onun tapılması üçün polisdən kömək istəyib

DİN rəsmisi qeyd edib ki, bu Aytəkinin artıq üçüncü dəfə valideynlərindən icazəsiz evlərini tərk etməsi halı idi. 

“Polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə qızın yeri müəyyən edilərək saxlanılıb və RPŞ-yə gətirilib. Aytəkin polis şöbəsinin həyətində atasını, anasını və qardaşını gördükdə “Siz məni yenə də tutub valideynlərimə verdiniz?” - deyərək çantasında olan bıçaqla polis əməkdaşının sağlamlığına ağır xəsarət yetirib. Bundan sonra rayon prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb və A.Abiyeva Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə törətdiyi həmin cinayət əməlinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilib”.

Polis əməkdaşının qadına təcavüz etməsi məsələsinə münasibət bildirən xidmət rəhbəri bu iddiaları iftira adlandırıb: 

“Tamamilə əsassız və uydurma iddiadır. Qeyd etdiyim kimi prokurorluqda qaldırılmış cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı A.Abiyevanın ifadəsi və digər sübutlarla təsdiq olundu ki, onlar arasında heç bir yaxınlıq olmayıb. Yəni itkin düşən şəxsin polis əməkdaşı tərəfindən axtarılıb tapılması tam qanunamüvafiq həyata keçirilib. Birmənalı olaraq bildirirəm ki, polis kapitanı Həmzə Əzizovun DİN-in rəhbər heyətində heç bir qohumu yoxdur”.

Polis polkovniki Salyan rayon sakini Zamin Salayevin saxlanılarkən işgəncəyə məruz qalması barədə iddiaları cavablandırarkən bildirib ki, bu məlumat cəmiyyətdə təxribat xarakterli yalan məlumat yaymaqda maraqlı olan müəyyən dairələrin uydurduğu növbəti əsassız iddiadır. 

“Z.Salayev məhkəmənin qərarı ilə törətdiyi inzibati xətaya görə həbs edilib. Onun bütün prosessual hüquqları təmin edilib, o, vəkili və ailə üzvləri ilə görüşüb, eləcə də Ombudsman Aparatının əməkdaşları ona baş çəkiblər. Həmin məlumatla əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama aparılıb, Z.Salayevin izahatı alınıb, Nazirliyin təşəbbüsü ilə o, DİN-in Hospitalına aparılaraq həkim müayinəsindən keçirilib. Ona işgəncə verilməsinə dair məlumat öz təsdiqini tapmayıb. Z.Salayevin səhhətində ciddi problem aşkarlanmayıb. Yalnız həkimlər onda çoxdan mövcud olan qarın yırtığı aşkarlayıblar və özünə bu barədə məlumat veriblər”, - deyə DİN rəsmisi yekunlaşdırıb.

Buta.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ