62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.

Bununla bağlı Xəzər TV-də süjet yayımlanıb.

Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Yasin Mustafayev deyib ki, bir vaxtlar körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana dəmir yolunun çəkilməsi ilə bağlı olub. Həmin ərazidə liman və dəmir yolu ləğv olunub. İndi isə yolötürücü standartdan kənar olmaqla yanaşı, həm də tıxaca səbəb olur. 

Həmçinin qeyd olunub ki, 62 il öncə istismara verilmiş körpüdə ötən il yerli və xarici mütəxəssislərin birgə iştirakı ilə təhlükəsizlik məqsədilə sınaqlar aparılıb. Müəyyən edilib ki, yük maşınlarının hərəkəti zamanı aşırım qurğusundakı əyilmə normadan artıqdır. Bu isə qəza riskini artırır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, körpü tikilərkən, onun konstruksiyası, oxları həmin dövrdə mövcud olan nəqliyyat axınına hesablanıb. Zaman keçdikcə nəqliyyatın intensivliyinin dəfələrlə artması nəticəsində körpünün konstruksiyasında müəyyən problemlər yaranıb. Problemlərin aradan qaldırılması ilə bağlı 2 dəfə xaricdən dəvət olunmuş ekspertlərin iştirakı ilə baxış keçirilib və yekun qənaət ondan ibarət olub ki, körpü ümumilikdə nəqliyyatın hazırkı intensivliyinə uyğun gəlmir və risklidir.

Hazırkı vəziyyət onu göstərir ki, körpü müasir standarlara, intensivliyə cavab vermir, təhlükə yaradır. Artıq onun götürülməsinə böyük ehtiyac yaranıb.

Başqa bir problem körpünün buraxılış qabiliyyətinin məhdudluğudur. Yəqin ki hamı Heydər Əliyev prospekti və yan küçələrdən intensiv nəqliyyat hərəkatının körpü üzərində tıxac yaratdığının şahidi olub. Körpü təkcə tıxaca səbəb olmur, həm də üzərindəki avtomobillər üçün böyük təhlükədir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ