Piyada zolağında qəza işığını yandırmaq vacibdir?

Azərbaycanda sürücülərin piyada keçidinə yaxınlaşarkən qəza işıqlarından istifadə etməsi bir çox hallarda qeyri-müəyyənliyə səbəb olur.

Sürücülər istənilən halda eynisəviyyəli piyada keçidinə yaxınlaşarkən sürəti azaltmalı olduğu halda, yalnız piyadanın hərəkətdə olduğunu gördükdə ona yol verirlər. Bu zaman isə bir çox sürücülər arxadan gələn avtomobilin xəbərdar olması üçün qəza işıqlarını yandırır. Halbuki digər ölkələrdə piyada keçidində gözləyən avtomobilin qəza işıqlarından istifadə etməsi kimi hallara demək olar ki, rast gəlinmir.

Bu hal həmçinin yolun hərəkət hissəsində əsassız yerə qəza işığının yandırılmasına görə cərimənin tətbiq edilib-edilməməsi sualını yaradır.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sürücülərin piyada keçidində gözləyərkən qəza işığını yandırması heç bir inzibati məsuliyyət yaratmır: 

“Buna görə sürücüyə cərimə yazıla bilməz. Qəza dayanma işıqlarından (dönmə işıqlarından) bu məqsədlə istifadə nəzərdə tutulmasa da, bunu edənlərə cərimə yazmaq olmaz. Əksinə, bu, bəzən əlavə diqqət çəkən bir üsuldur, normal qarşılanmalıdır, çünki buna ehtiyac olmasa da, problem də deyil. Unutmaq olmaz ki, qaydalardan kənara çıxan hər xırda və əhəmiyyətsiz hərəkətə görə cərimə yazılmır və yazıla bilməz. Cərimə yalnız İnzibati Xətalar Məcəlləsində göstərilən, özü də təhlükəli olması, yaxud başqalarına mane yaratması aşkar olan qayda pozuntularına görə nəzərdə tutulur və yalnız belə hallarda yazıla bilər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ