Gürcüstan parlamenti aprelin 16-da “xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda səs verməyə qoymadı. BU
Səsvermənin təxirə salınmasının rəsmi səbəbi debatların uzanması olub. Parlamentin sədri Şalva Papuaşvilinin izah etdiyi kimi, reqlamentə əsasən, plenar iclas axşam saat səkkizdən gec bitə bilməz və bu vaxta qədər bütün deputatların çıxış etməyə vaxtı olmayıb.
Səsvermənin çərşənbə günü, aprelin 17-də keçiriləcəyi gözlənilir. Səsvermədən əvvəl müxalifət və iqtidar öz mövqelərini təqdim edəcək, daha sonra fraksiya rəhbərləri, müvafiq komitə üzvləri çıxış edəcəklər.
Aprelin 16-da keçirilən iclas davam edən etirazlar fonunda baş tutub. Etirazçılar parlament binası yaxınlığındakı Rustaveli prospektini bağlayıblar. Təxmini hesablamalara görə, 15 minə yaxın insan aksiyada iştirak edib.
Axşam saatlarında aksiyanı dağıtmaq üçün parlamentin binası ətrafına xüsusi təyinatlılar cəlb olunub. Onlar bibər qazı və qaz qumbaralarından istifadə ediblər. Bir neçə etirazçı saxlanılıb.