Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10187539 nəfər təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
► Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 17081 doğulan körpə qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 10,2-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,5 faiz olub. Körpələrdən 594-ü əkiz, 36-sı üçəm doğulub.
► Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6 739 nikah və 3 456 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.
► Bu ilin ilk iki ayında Azərbaycanda 10 395 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,8-dən 6,2-yə düşüb.