Türkiyə Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv etdi

Türkiyə prezidenti Rəcəb Ərdoğan Tacikistan vətəndaşları üçün vizasız rejimin ləğvi haqqında fərman imzalayıb. Müvafiq sənədi aprelin 5-də hökumət qəzeti “Resmi gazete” dərc edib.

“Əcnəbilər və beynəlxalq müdafiə haqqında qanuna uyğun olaraq adi xarici pasporta malik Tacikistan vətəndaşlarının Türkiyəyə səfərləri üçün vizasız rejimin ləğv edilməsi qərara alınıb”, - sənəddə deyilir. Bu qərarın səbəbləri açıqlanmır.

Tacikistan hakimiyyəti hələlik vəziyyəti şərh etməyib, lakin Tacikistan hökumətindəki iki mənbə “Azadlıq Radio”suna viza rejiminin bərpa olunduğunu təsdiqləyib.

“Bu doğrudur. Həqiqətən də Türkiyə viza tətbiq edir, lakin hələlik biz bu qərarın şərtlərini və digər təfərrüatlarını bilmirik”, - nəşrin həmsöhbətlərindən biri bildirib. Digər mənbə əlavə edib ki, hazırda diplomatik qaydalara əsasən, Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etməli olacaq.

Rusiya nəşrləri Türkiyə hakimiyyətinin qərarını “Crocus City Hall”da baş verən terror aktı ilə əlaqələndirir.

Aprel ayında Türkiyənin “Hürriyet” nəşri ölkədə terror aktı törətməyi planlaşdıran iki İŞİD tərəfdarının İstanbulda saxlanıldığını bildirib. Saxlanılanlar arasında 37 yaşlı Tacikistan vətəndaşı da olub. Bundan əvvəl nəşr yazıb ki, “Crocus ”da terror aktı törətməkdə şübhəli bilinən iki nəfər bu yaxınlarda Türkiyəyə səfər edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ