Roma Papası Ukraynanı “ağ bayrağı qaldırmağa” çağırıb. Vatikan onun sözlərini izah edib

Vatikanın sözçüsü Matteo Bruni bəyan edib ki, Roma Papası Fransisk “xalqını düşünən ən güclüdür və ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti olandır” deyərkən Ukraynanın Rusiyaya təslim olmasını nəzərdə tutmayıb.

Papanın müsahibəsindən fraqment İsveçrənin RSI yayım şirkəti tərəfindən dərc edilib. Jurnalist Roma Papasından soruşub: “Ukraynada təslim olmağa, ağ bayraq göstərməyə cəsarət tələb edənlər var. Digərləri isə bunun daha çox gücə malik olana legitimlik verəcəyini deyir. Siz bu barədə nə düşünürsünüz?”

“Bu, təfsirdir. Amma mən inanıram ki, vəziyyəti görən, insanları düşünən, ağ bayraq qaldırıb danışıq aparmağa cəsarəti olan daha güclüdür. Və bu gün beynəlxalq güclərin köməyi ilə danışıqlar aparmaq olar. “Danışıqlar” sözü cəsarətli sözdür. Məğlub olduğunuzu, işlərin yaxşı getmədiyini görəndə, danışıqlar aparmaq üçün cəsarətiniz olmalıdır. Ayıb olsun, amma bunun sonu nə qədər ölümlə nəticələnəcək?

Vaxtında razılaşın, vasitəçi kimi çıxış edəcək ölkə axtarın. Bu gün, məsələn, Ukrayna müharibəsində vasitəçi olmaq istəyənlər çoxdur. Bunun üçün Türkiyə öz təklifini edib. Digər dövlətlər də vasitəçi olmağa hazırdırlar. Vəziyyət daha da pisləşməmişdən əvvəl danışıqlar aparmaqdan utanmayın”, Papa Fransisk deyib.

Vatikanın sözçüsü Matteo Bruni Papanın sözlərini şərh edib. O bildirib ki, Fransisk Ukraynanın təslim olmasını nəzərdə tutmayıb. Matteo Bruninin sözlərinə görə, Papa atəşkəs və danışıqlara çağırıb.

“Reuters” qeyd edir ki, Papanın müsahibəsi fevralda yazılıb. Agentlik həmçinin bildirir ki, Fransisk Ukraynadakı müharibəni müzakirə edərkən ilk dəfə “ağ bayraq” və ya “məğlubiyyət” kimi ifadələrdən istifadə edib.

Matteo Bruni əlavə edib ki, Papa “ağ bayraq” ifadəsini sualı verən jurnalist tərəfindən istifadə edildiyi üçün istifadə edib. Bruni qeyd edib ki, o, bundan “döyüşlərin dayandırılması və danışıqlar cəsarəti sayəsində əldə edilən barışıq” ifadəsi üçün istifadə edib.

Roma Papası Fransisk dəfələrlə Ukraynadakı müharibənin əleyhinə çıxış edib və münaqişə tərəflərini sülhə çağırıb. Fransisk Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmaq istədiyini də dəfələrlə bəyan edib.

Martın 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Rusiyanın iştirakı ilə Ukraynadakı müharibənin həlli üçün sülh sammiti keçirməyə hazırdır. Ukrayna prezidenti Vladimir Zelenski isə cavabında deyib ki, “qoy dünyanın sivil ölkələri əvvəlcə ətraflı [sülh] planı hazırlayıb nəticə əldə etsinlər və yalnız bundan sonra Rusiya nümayəndələrini işə cəlb edəcəklər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ