Orucluq başa çatır. Bu gün bayram axşamı, sabah isə Ramazan bayramı qeyd olunacaq. Süfrələrimizi ləziz nemətlər bəzəyəcək, müxtəlif təamlar düzüləcək.
Bir ay boyunca oruc tutan şəxslərin orqanizmi aclığa və susuzluğa öyrəşmiş olur. Belə olan halda oruc tutanlar bayram günlərində necə qidalanmalıdırlar ki, səhhətlərində hər hansı fəsadlar yaranmasın?
Buta.media-nın məlumatına görə, bununla bağlı Lent.az -a danışan dietoloq Tutu Zeynalova bildirib ki, orucluqdan sonra ilk növbədə orqanizmdə su balansını bərpa etmək lazımdır:
“Ramazandan sonra oruc tutan insanlar normal qida rejiminə keçdikdə birdən-birə çox yemək yesələr, bu, ciddi fəsadlara yol aça bilər. Gündə üç dəfə az-az yemək şərti ilə qida qəbul edilməlidir. Ancaq mədədə aclıq yaranarsa, arada yüngül nəsə yemək olar. Həmin şəxslər üçün şəkərli və ya bəyaz undan hazırlanmış qidalar, qazlı, eləcə də şirin içkilərdən istifadə etmək məsləhət deyil”.
Dietoloqun sözlərinə görə, Ramazan ayından sonra bol su içmək lazımdır:
“Oruc tutduğumuz zaman az su içdiyimiz üçün bədəndə su balansı pozulur. Buna görə də gün ərzində 2-2,5 litr maye içilməlidir".