Ötən gün 11 yaşlı qızın doqquz gündür ki, komada olması ilə bağlı xəbər vermişik.
Xədicənin Babazadənin atası iddia edir ki, qızına anesteziya edilməməsini tapşırdığı halda, stomatoloq öz qərarı ilə bunu etməyi lazım bilib, anestezioloqun məsuliyyətsizliyi səbəbindən, uşağın beynində oksigen çatışmazlığı yaranıb və o, komaya düşüb.
Baş vermiş hadisə ilə bağlı Bakı Sağlamlıq Mərkəzində stomatoloq kimi çalışan Bəhruz Rüstəmov açıqlama yayıb.
Bəhruz Rüstəmov
“15.02.2024 tarixində mənim nömrəmə Şahnaz xanım tərəfindən qızı 11 yaşlı Xədicə Zamin qızı Babazadənin müalicəsi ilə bağlı müraciət olundu. Mən isə bildirdim ki, qeydiyyatla bağlı köməkçimlə əlaqə saxlasınlar.
Köməkçim adıçəkilən 11 yaşlı Xədicəni 21.02.2024 tarixinə qəbuluma yazdı. Öncədən Xədicənin valideyni sedasiya ilə bağlı istəklərini bildirdiyinə görə təyin olunmuş vaxtda anestezioloqa da vaxt bildirilmişdi və o da dəvət olunmuşdu. Həmin tarixdə hər iki valideyni uşağı ortopantomogram rentgeni ilə birlikdə işlədiyim klinikaya gətirdi. Subyektiv və obyektiv müayinələrini etdikdən sonra ağız boşluğunda görülməli proseduralar haqqında məlumat verdim (21-ci dişin endodontik müalicəsi, 46-cı dişin restavrasiyası, 36-cı dişin endodontik müalicəsi).
Sonra anestezioloqlar uşağın valideynləri ilə müvafiq danışıq, müayinə və razılaşmadan sonra valideynlərin prosedur otağından çıxmalarını xahiş etdilər. Anestezioloqla söhbət əsnasında o da məlum oldu ki, 11 yaşlı Xədicə psixiatr yanında mütəmadi müalicədədir. Ümumi intubasion anesteziyaya başladılar, tam monitorizasiya etdilər və mənim işə başlamağıma icazə verdilər. Mən də 30 dəqiqə ərzində bir neçə iş gördüm:
1. 46-cı dişin restavrasiyası.
2. 21-ci dişin endodontik müalicəsi.
Onu da qeyd etmək istəyirəm ki, pasiyent ümumi intubasion anesteziyada olduğuna görə yerli anesteziyaya ehtiyac yox idi və olunmadı.
İlk gördüyüm iş 46-cı dişin restavrasiyası idi. Müalicə təxminən 15 dəqiqə çəkdi. Daha sonra 21-ci dişin endodontik müalicəsinə başladım. Kök kanallarının mexaniki, medikamentoz işlənməsindən sonra onu doldurdum.
Prosedurun sonunda anestezioloq mənə işi təcili dayandırmalı olduğumu bildirdi. Mən işi saxladım və prosedur otağında olan anestezioloq pasiyentin vəziyyətini dəyərləndirdikdən sonra digər anestezioloq-reanimatoloqları prosedur otağına təcili çağırdı. Bundan sonra mən heç bir stomatoloji müdaxilə etmədim. Anestezioloq-reanimatoloqlar isə xəstənin intensiv müalicəsini davam etdirmək üçün işlədiyimiz klinikanın reanimasiya şöbəsinə yerləşdirildi.
Xədicə balanın əzizlərini tam anlayıram və hadisə olan gündən vəziyyəti daim diqqətimdə olub. Hazırda xəstənin müalicəsi ilə məşğul olan həkimlərlə daim təmasdayam, vəziyyəti barədə mütəmadi məlumat alıram. Məsələnin tibbi və hüquqi tərəflərini bir kənara qoyaraq, Xədicə balamızın tez bir zamanda sağalmasını arzulayıram”.
Qeyd edək ki, bu gün on gündür ki, Xədicə komadadır. Həkimlər onun vəziyyətinin kritik olduğunu, ayılsa belə, ömürlük yatağa bağlı qalacağını bildiriblər.