Pol Poqba dörd il müddətinə futboldan uzaqlaşdırıldı

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba dopinqə görə dörd il müddətinə diskvalifikasiya olunub. 

Xatırladaq ki, 2023-cü ilin oktyabrında fransalı futbolçu eyni vaxtda iki dopinq sınağından çıxa bilməyib. Turinli yarımmüdafiəçinin nümunəsində çox yüksək testosteron səviyyəsi aşkar edilib. 30 yaşlı futbolçunun vəkilləri onun mümkün diskvalifikasiyasının 4 ildən 2 ilə endirilməsini tələb etsə də, bu, istənilən nəticəni verməyib.

Poqba 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. Keçən mövsüm yarımmüdafiəçi İtaliya klubunun heyətində bütün yarışlarda cəmi 10 oyun keçirib və bir məhsuldar ötürmə edib. Futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 20 milyon avrodur.

Daha əvvəl məlum olmuşdu ki, “Yuventus” Poqbanın rəsmi diskvalifikasiyası halında onunla müqaviləni birtərəfli qaydada pozacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ