“Neuralink” şirkəti ilk dəfə olaraq insan beyninə öz şüuru ilə kompüteri idarə etməyə imkan verən implant yerləşdirib. Bu barədə şirkətin təsisçisi İlon Mask bəyan edib.
“Dünən [28 yanvar] ilk şəxs “Neuralink”dən implant aldı. Hazırda onun vəziyyəti yaxşılaşır. İlkin nəticələr ümidvericidir”, - Mask “X sosial şəbəkəsində (əvvəllər “Twitter”) yazıb.
Biznesmen əlavə edib ki, “Neuralink”in ilk məhsulu “Telepatiya” adlanır. Onun sözlərinə görə, “Telepatiya” “yalnız düşünməklə” telefonu, kompüteri və onların vasitəsilə “istənilən cihazı” idarə etməyə imkan verir.
“İlk istifadəçilər fiziki məhdudiyyətli şəxslər olacaq. Təsəvvür edin ki, Stiven Hokinq insanlarla daha sürətli ünsiyyət qura bilər. Məqsəd budur”, – Mask bildirib. O, başqa təfərrüatları açıqlamayıb.
“Reuters” yazır ki, “Neuralink” beyin-kompüter interfeysi implantını cərrahi yolla beyinin hərəkəti idarə edən hissəsinə yerləşdirmək üçün robotdan istifadə edir. “Neuralink” qeyd edib ki, onlar insanların kompüter kursorunu və ya klaviaturasını düşüncə gücü ilə idarə edə bilmələrini təmin etməyə çalışırlar.
İlon Musk 2016-cı ildə “Neuralink” layihəsini yaradıb. Şirkət 2019-cu ildə beyni kompüterlə birləşdirən çipin prototipini təqdim edib. İki il sonra şirkət simsiz implantla implantasiya edilmiş meymunu göstərib. İmplant sayəsində meymun öz düşüncəsinin gücü ilə video oyun oynaya bilir. İlon Musk sınaqlar zamanı heç bir meymunun ölmədiyini iddia edib. 2023-cü ilin may ayında ABŞ səlahiyyətliləri “Neuralink”ə insan sınaqları keçirmək üçün icazə verib.
“Neuralink” gözləyir ki, şirkətin inkişafları insanlara beyin və onurğa beyni zədələrinin nəticələrini aradan qaldırmağa imkan verəcək, həmçinin piylənmə və depressiya kimi problemlərə kömək edəcək.