Bakıda evinin zəbt olunduğunu bildirən 63 yaşlı Zərifə Mənsimova Sabirabad rayonunun Suqovuşan kəndində şəraitsiz evdə məskunlaşıb.
Bununla bağlı Meydan TV görüntülər yayıb.
Şikayətçinin sözlərinə görə, evin hamam və tualeti yoxdur, pəncərələri sınıq olduğundan qaz sobası daxmanı qızdırmır. Onun iddiasına əsasən, Bakının Günəşli qəsəbəsindəki 5 otaqlı mənzili 33 il əvvəl zəbt olunub. Məhkəmə Zərifə Mənsimovanın lehinə qərar çıxarsa da, icraçı işi icra etməyib. Qadın deyir ki, həmin ailəyə Ramanada ev verilsə də, yenə onun mənzilini tərk etmirlər: “Canıma 2 aydır su dəymir. Hamam yoxdur, ayaqyolu yoxdur. Xəstələnirəm, bura həkim gəlmir. Neçə dəfə təzyiqim qalxıb, təcili yardım gəlib çıxa bilməyib. Bu daxma da mənim deyil, qardaşım oğlu müvəqqəti yaşamağa verib. 63 yaşım var, öləndə də öz evimdə ölmək istəyirəm. Bura elə bil heyvan damıdır”.
Problemlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Sabirabad rayon sakini Mənsimova Zərifə Əsgər qızına məxsus Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən fərdi mənzil Şuşa rayonunun Salatınkənd kəndində qeydiyyatda olan Əhmədov İnqilab Şükürəli oğlu tərəfindən zəbt olunub:
“Zərifə Mənsimovaya məxsus zəbt olunmuş mənzilinin boşaldılması ilə bağlı məhkəmə qətnaməsi mövcuddur və Dövlət Komitəsində qeydiyyata alınıb. Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən Əhmədov İnqilab Şükürəli oğlunun doğma yurda qayıdışı ilə bağlı sorğusu aparılıb, məşğulluq imkanları öyrənilib, əldə edilmiş məlumatlar Komitənin vahid elektron-məlumat bazasına daxil edilib. Şuşa rayonunun Salatınkənd kəndi bərpa olunduqdan sonra onun ailə üzvləri ilə birgə (6 nəfər) qayıdışı həyata keçiriləcək. Bildiririk ki, İnqilab Əhmədov daha öncə məcburi köçkün kimi dövlət tərəfindən mənzillə təmin edilməyib”.