Əfqanıstanda Rusiyaya məxsus təyyarə qəzaya uğrayıb.
Hava gəmisi Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətində “texniki nasazlıq səbəbindən” dağlara çırpılıb.
Təyyarə şənbə günü axşam saatlarında radar ekranlarından itib. Həmin zaman təyyarə Əfqanıstan hava məkanında, Tacikistanla sərhəd yaxınlığında olub. İlkin məlumatlara görə, təyyarədə 6 nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub.
Təyyarə “Russia Athletic Group” MMC-yə və fiziki şəxsə məxsusdur və Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə sanitar çerter reysi həyata keçirirdi.
Təyyarənin Zebak bölgəsində dağlıq ərazidə kursdan çıxdığı güman edilir. Taliban hadisəni araşdırmaq üçün qəza yerinə istintaq qrupunu göndərib.