Daun sindromlu Aylaya niyə pensiya təyin edilməyib?

Ucar rayonunun Qazyan kənd sakini olan Daun sindromlu Ayla Bayramovaya pensiya təyin edilməyib. 14 yaşlı Ayla haqqında məlumatı sosial şəbəkə hesabında jurnalist Fuad Hüseynov paylaşıb. 

Onun iddiasına görə, Aylaya əlillik dərəcəsi təyin olunmasından qanunsuz imtina edilib. Jurnalist bildirib ki, imtinada əsas kimi “müalicəsi davam etdirilsin” qeyd edilib: “Danışa bilmir, yemək yeməyini, paltar geyinməyini, yuyunmağını - hər bir hərəkətini valideynləri icra edir. Hər kəsə məlumdur ki, nə qədər müalicə olunsa da, daun sağalmır. Hərçənd ki, balaca Ayla heç nə başa düşmür”. 

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov Qafqazinfo-ya bildirib ki, sosial şəbəkələrdə videosu yayılan Ucar rayon sakini Bayramova Ayla Bayram qızının əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 4 il ərzində heç bir müraciəti olmayıb:

“Həmçinin tibb müəssisəsi tərəfindən də bu müddət ərzində forma-88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Vətəndaşla bağlı video izlədikdən dərhal sonra Bayramova Aylanın valideyni ilə əlaqə saxlanılıb, ona əlilliyin qiymətləndirilməsi prosesi izah edilib. Bildirilib ki, əlilliyin qiymətləndirilməsi məqsədilə ilk növbədə qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra  onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilir. 

Bütün bunlara baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məsələnin tez həll olunması üçün artıq aidiyyatı qurumlarla danışılıb və qısa müddətərzində vətəndaşa müvafiq dəstək göstəriləcək”.

Məlumat üçün bildirək ki, Daun sindromu genetik pozğunluqdan irəli gəlir. Tipik üz görünüşü ilə xarakterizə edilən belə insanlarda ürək çatışmazlığı riski yüksəkdir. İnkişafdan geriqalma bəzi hallarda həmin şəxslərdə davranış problemlərinə - tez əsəbiləşmə, diqqət pozğunluğu və obsesiv-kompulsiv davranışa səbəb olur.  

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 2022-ci il iyulun 1-dən etibarən qüvvəyə minib. Həmin meyarlara əsasən, xromosom anomaliyalı xəstəliklər sırasında əlilliyə əsas verən diaqnozlardan biri də məhz, Daun sindromudur. Yəni, qanunla müəyyən edilmiş qaydada əlilliyin qiymətləndirilməsi üçün müraciət olunduğu halda, Daun sindromlu şəxslərə müvafiq orqanizm funskiyalarının itirilməsi faizləri müəyyən edilərək əlillik təyin edilir. Öz növbəsində, əlillik təyin edilmiş daun sindromlu şəxslər müvafiq olaraq sosial ödənişlərlə təmin edilirlər. 

Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il 413 nömərli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında qərarının 3.1.25-ci bəndində də Daun sindromu əlilliyə əsas verən diaqnozlar sırasında yer almışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ