London "Arsenal"ının əsas oyunçularından biri Pyer-Emeri Obameyanq Bakı Olimpiya stadionunda məşq zamanı zədə alıb.
Buta.media-nın məlumatına görə, bu barədə Sun qəzeti yazıb.
Mayın 28-də oyunqabağı keçirilən məşq zamanı "kanonirlər"in forvardı sahədə qolu sarğılı vəziyyətdə görünüb. Halbuki Bakıda keçirdiyi əvvəlki məşqlərdə Obameyanqın qolunda sarğı olmayıb. Nəşrin yazdığına görə, məşqlərdən birində o, bütün ağırlığı ilə öz qolu üstünə yıxılıb. Bununla belə, Obameyanqın zədəsi ağır deyil və onun "Çelsi" ilə keçiriləcək final matçında iştirakına heç bir maneçilik törətmir.
Bu arada "Arsenal" qalib gələcəyi təqdirdə həyata keçirəcəyi planları da açıqlayıb. Qələbə qazanacağı təqdirdə "kanonirlər" Londona qayıdarkən üstüaçıq avtobusda kubokla birlikdə "Emireyts" stadionu ətrafındakı ərazidə gəzinti təşkil edəcəklər.
Bununla yanaşı, bir sıra azarkeşlər "Arsenal"ın qələbəsini Londonda qeyd edə bilməyəcəklər. Çünki onların tranzitlə geri qayıtması 20 saatdan çox vaxt aparacaq. Yalnız varlı azarkeşlər Bakı-London birbaşa reysinə bilet ala biləcəklər.
Avropa Liqasının final matçı mayın 29-da saat 23:00-da İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək.