Perinatal Mərkəzində yanğın: Körpələr xəstəxanadan çıxarıldı - video

Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində Respublika Perinatal Mərkəzində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri təxliyə işlərini həyata keçirib.

TƏBİB-dən bildirilib ki, Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı ​Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 12 briqadası hadisə yerinə cəlb olunub.

Yanğınla əlaqədar indiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.

“Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilib. Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilib. 

1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ