Sosial şəbəkələrdə və bəzi yerli saytlarda ATV-nin ən reytinqli proqramlarından olan “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin bağlanacaqları barədə məlumatlar yayılıb.
ATV telekanalının Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Ozal İbrahimli bildirib ki, yayılan məlumatlar tamamilə əsassız və yaalndır.
“Jurnalistika və xəbər sahəsi ilə tanış olan hər bir kəs anlayır ki, mənbəyi bilinməyən istənilən məlumata inanmaq olmaz. Qondarma xəbərə mötəbərlik donu geyindirmək üçün mənbəni “ATV-nin məsul şəxsi” adlandırmaq da yalanı doğru etmir. Özünü “ATV-nin məsul şəxsi” kimi təqdim edən mənbə olubsa da, çox güman ki, o şəxs adi dələduzdur. Zaur Baxşəliyev ATV telekanalında 20 ildən çoxdur ki, müvəffəqiyyətlə çalışır və yüksək istedadı, savadı, televiziya təcrübəsi, əmək intizamı ilə seçilir. Onu tanıyanlar bilirlər ki, yayım fəaliyyəti ilə bağlı hər hansı dəyişiklik barədə o, ilk növbədə, öz kollektivi, həmkarları və telekanalın rəhbərliyi ilə bölüşər. Günay və Zaur Baxşəliyevlər uzun illərdir ki, geniş tamaşaçı auditoriyasını maraqlı, aktual verilişlərlə sevindirirlər. Onlar daim öz verilişlərini təkmilləşdirir və zənginləşdirir, həmkarları ilə yeni maraqlı ideyaları bölüşürlər.
Fürsətdən istifadə edərək, bir daha xatırladırıq ki, ATV telekanalının fəaliyyəti ilə bağlı rəsmi və doğru məlumat üçün ATV-nin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinə müraciət etmək olar”, - deyə O.İbrahimli vurğulayıb.