Kim Çen In və qızı raket zavodunu ziyarət ediblər

Şimali Koreya lideri Kim Çen In ballistik raketlər üçün mobil raket buraxılış qurğuları istehsal edən zavoda baş çəkib. Bu barədə Koreya Mərkəzi Telegraf Agentliyi (KCNA) məlumat yayıb.

KXDR prezidentini onun qızı Kim Çju E və partiya üzvləri müşayiət edib. Səfər zamanı Şimali Koreya lideri istehsalın gedişi ilə tanış olub və zavodda istehsal olunan iri reaktiv daşıyıcılarına baxıb. Kim Çen In zavodun 2023-cü il üçün istehsal planını artıqlaması ilə yerinə yetirdiyini qeyd edib. Onun sözlərinə görə, müəssisə dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi kimi tarixi vəzifənin icrasında məsuliyyətli rol oynayır. KXDR lideri zavod qarşısında yeni vəzifələr qoyub.

Bundan əvvəl Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə namizəd Ço The Yonq bildirib ki, Şimali Koreya liderinin qızı Kim Çju E KXDR prezidenti Kim Çen Inın varisi kimi hazırlanır. 

Təxminən 10 yaşında olduğu güman edilən qız ilk dəfə 2022-ci ilin noyabrında atası ilə birlikdə “Hvason-17” qitələrarası ballistik raketinin buraxılışında iştirak edərkən ictimaiyyət qarşısında çıxış edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ