Məşhurların dostu, tanınmış saatsaz Hacı Fətəliyev dələduzluqla üz-üzə qalıb.
Buta.media musavat-a istinadən xəbər verir ki, o deyir ki, uzaq qohumu ondan 10 min dollar pulu manata çevirmək adı ilə alıb və kələk gəlib.
Məşhur saatsızın sözlərinə görə, pulu ondan alan Elxan Məmmədov adlı şəxsdir:
“Elxan uzaq qohumumdur, illərdir ki, Sumqayıtda dollar alveri ilə məşğuldur. Mən də lazım olanda pulu ona xırdalatdırır, ondan dollar alırdım. 2018-ci il aprelin 17-də ona 10 min dollar pul verdim. Mehman adlı tanışım da yanımızda idi. Sumqayıt şəhərində ev almışam.
Orada ustalar işləyir. 10 min dollar pulu aparıb Elxan Məmmədova verdim ki, manata çevirsin, ustaların pulunu verə bilim. Bu adam qanuni dollar dəyişən deyil. Onu 15 ildir tanıyıram. Ona inamım vardı. Vaxt olub ki, maşınımı 16 minə satmışam, aparıb pulu Elxana vermişəm, dollara çevirib. Pulu vermişəm, 1 həftə sonra deyib, gəl apar. Aramızda inam vardı. 10 min dolları da Elxana verəndə heç bilməzdim ki, başıma belə oyun açar”.
Tanınmış saatsaz deyir ki, Elxan Məmmədov 10 min dolları ondan alanda deyib ki, manat yoxdur, pul qalsın, 3 gün sonra gəlib pulunu apara bilər:
“Pulu alanda dedi ki, sənin əlin yüngüldür, sən pul verəndə çörək qazanırıq. Başımın altına yastıq qoydu. Hər dəfə pulu istəyəndə dedi ki, manat yoxdur, 2-3 günə verəcəyəm”.
Saatsaz Hacı Fətəliyev deyir ki, məsələdən oğlunun dostu Fuad xəbər tutandan sonra deyib ki, polisə şikayət etmək lazımdır.
Saatsaz Hacı deyir ki, 1-ci polis bölməsinə müracət edib:
“Orada rəisə əlimdə olan sübutları təqdim etdim. Amma 2 gün sonra zəng edib dedilər ki, bu iş mülki məsələdir, biz baxa bilmərik.
Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova müraciət edirəm, xahiş edirəm bu işi obyektiv araşdırsınlar. Mənə qarşı dələduzluq edənlər məsuliyyətə cəlb olunsun, mənim pullarımı geri qaytarsınlar”.