Azərbaycanda daha bir şəxs prezidentliyə namizədliyini irəli sürdü

Yazıçı-publisist, “Olaylar” qəzeti və eyniadlı agentliyin baş redaktoru Yunus Oğuz növbədənkənar prezident seçkisində öz təşəbbüsü ilə namizəd olacağını açıqlayıb.

Bu barədə o özü məlumat verib.

Y.Oğuz yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib:

“Tarixi qələbəmizdən sonra ilk dəfə olaraq müstəqil, suveren Azərbaycanda keçirilən prezident seçkisində iştirak etmək şərəfli bir missiyadır. Radikal müxalifətin seçkini boykot etmək qərarını pisləyirəm. Çünki bu prezident seçkisi təkcə ölkədaxili məsələ yox, həm də beynəlxalq hadisədir. Hesab edirəm ki, prezident seçkisində iştirak etmək üçün şəffaf və demokratik mühit mövcuddur. Həmçinin, Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fövqündə görüləcək kifayət qədər iş var. İşğal edilmiş ərazilərdə quruculuq və bərpa işləri, “Böyük Qayıdış” Dövlət Proqramının icrası, ölkənin iqtisadi dayanıqlılığının təminatı, əhalinin sosial rifahının daha da yüksəldilməsi kimi mühüm vəzifələr qarşısındayıq. Prezident seçkisinə namizədliyimi irəli sürməkdə məqsədim həlli vacib olan məsələlərin reallaşmasına öz töhfəmi verməkdən ibarətdir. Dövlətimizin orta və uzaq hədəflərində onun yanında olmaq şərəf və vətəndaşlıq borcudur. Millətimiz və dövlətimiz üçün xeyirli, uğurlu olsun!”

Xatırladaq ki, Y.Oğuz 2003-cü ildə keçirilən prezident seçkisində də namizəd olub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ